Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda vergi ödəyicilərinin sayının artırılmasını vacib hesab edir.
"Biz vergi ödəyicilərinin sayını artırmalıyıq", - deyə o, bu gün Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxışı zamanı bildirib.
Sədrin sözlərinə görə, hazırda ÜDM-də vergilərin payı 8-9% təşkil edir.
Z.Səmədzadə qeyd edib ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar demək olar ki, bütün növ vergi ödənişindən azad olunublar. "Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 35-36%-i bu sektorda çalışır", - deyə o əlavə edib.
Komitə sədri, həmçinin sadələşdirilmiş vergi ilə bağlı problemlərə də toxunub. "Gəlirlərin ümumi həcmində sadələşdirilmiş vergi üzrə daxilolmaların payı 0,8% təşkil edir. "Necə olur ki, ölkə üzrə bütün vergi ödəyicilərinin 60-70%-ni sadələşdirilmiş vergi ödəyiciləri təşkil edir, amma vergi daxilolmalarında onların payı cəmi 0,8%-dir?", - deyə o vurğulayıb.
Z.Səmədzadə onu da nəzərə çatdırıb ki, differensial ƏDV-nin tətbiqi məsələsinə də baxıla bilər.*
B.Rüstəmbəyov