Kənd Təsərrüfatı Nazirliyi “quş qripi” xəstəliyinin yayıldığı bir sıra ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Hazırda bu xəstəlik İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. İranda əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı qeyd olunur.
“Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov