2018-ci ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövründə AZAL-ın payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur. 264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb”, - deyə məlumatda bildirilir.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
B.Rüstəmbəyov