Emil Əmirov “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin informasiya texnologiyaları üzrə baş direktoru təyin edilib. Bu barədə ABB-nin məlumatında deyilir.
“Emil Əmirov Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik olan Emil Əmirov ABB-nin elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq”, - deyə məlumatda vurğulanır.
Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən Emil Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib.
“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.*
N.Abbasova