Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Mariya Nemtsovanın adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb.
“M.NemtsovaXarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, - XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məktubunda M.Nemtsova 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb.
“M.Nemtsova sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu söyləyib”, - məlumatda qeyd olunur. **
N.Abbasova