Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
"Biz İlham Əliyevin namizədliyinin irəli sürülməsi təşəbbüsünü dəstəkləyirik. Xüsusilə din xadimləri öz xütbələrində haqq sözünü dindarlara çatdırmalıdırlar”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-nin prezident seçkilərinə həsr olunmuş iclasında bildirib.
O qeyd edib ki, İ.Əliyev dinə və dindarlara hər zaman böyük diqqət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə çoxlu sayda məscid tikilib və mövcud məscidlər bərpa olunub.
"Bu, (prezident seçkiləri - İF) taleyüklü məsələdir və biz ona öz münasibətimizi bildirmək istərdik", - deyə sədr əlavə edib.
İclasın yekunları üzrə Azərbaycandakı dini konfessiya rəhbərləri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağıran müraciət qəbul ediblər. Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin YepiskopuVladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.*
F.İsazadə