2018-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 2 mlrd. 794,6 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 1 mlrd. 411,4 mln. manat (2017-ci ilin yanvar ayı ilə müqayisədə artım 1,7%), qeyri-ərzaq mallarının alınmasına 1 mlrd. 383,2 mln. manat (artım 3%) sərf olunub.
Cari ilin yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova