Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Bundan başqa, MSK prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qrafikə əsasən, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün lazımi sənədlərin təqdim edilməsi prosesinə fevralın 20-də start veriləcək. Bu proses martın 12-də başa çatacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi isə martın 7-dək davam edəcək.
Namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayacaq, aprelin 10-da dayandırılacaq.*
F.İsazadə