“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb. Bu barədə QSC-nin məlumatında deyilir.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
“Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.
Tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
2004-cü ildə inşa edilmiş “Prezident Heydər Əliyev” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13,8 min tondur.
N.Abbasova