Azərbaycan ərazilərinin işğalı Ermənistana arzuladığı siyasi nəticə verməyəcək. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
“Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt İrəvanın arzuladığı siyasi nəticəni verməyəcək”, - H.Hacıyevin bəyanatında deyilir.
“Azərbaycan bir daha Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə işğal və etnik təmizləmə siyasətini dayandırmağı və münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməyi, beynəlxalq öhdəliklərini yerinə yetirməyi və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir", - H.Hacıyev bəyan edib.
“Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlamla münaqişənin həlli prosesində iştirak edir”, - o əlavə edib. **
F.İsazadə