Bakıda Azərbaycan və ingilis dillərindən nəşr olunan “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” kitabının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov təqdimatda qeyd edib ki, kitabda erməni hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində dinc əhaliyə qarşı törədilən cinayətlərə dair həqiqi faktlar öz yerini tapıb.
“Kitab Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə nəşr olunub. Burada dinz azərbaycanlılara qarşı ermənilərin törətdiyi işgəncə və qətllər barədə 339 nəfərin ifadələri öz əksini tapıb. Ermənilərin azərbaycanlı qadınlar, qocalar və uşaqlara qarşı törətdiyi qeyri-insani işgəncələrin təsviri oxucunu dəhşətə salır”, - İ.Axundov bildirib.
O əlavə edib ki, nəşrdə qeyd olunan faktlar sənədləşdirilib və arxivlərdə saxlanılır.
“Kitabda dinc Azərbaycan vətəndaşlarına işgəncə verən və öldürən yüzlərlə və minlərlə ermənin adları çəkilir”, mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Ədalət Vəliyev vurğulayıb.
O bəyan edib ki, Ermənistan tərəfindən işğal olunan torpaqları Azərbaycan mütləq qaytaracaq. “Zəngəzur və İrəvan da tarixən Azərbaycana mənsub olub. Buna görə bir onların qaytarılması üçün yeni döyüşə başlamalıyıq”, - Ə.Vəliyev qeyd edib.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov öz növbəsində bildirib ki, erməni hərbi cinayətkarları “mütləq layiqli cəzalarını tapacaqlar”. “Vaxt gələcək, ədalət öz yerini tapacaq. Biz mütləq işğal olunan torpaqlara qayıdacağıq, dinc azərbaycanlı əhalinin qətlində taqsırkarlar, həmçinin bu gün Ermənistanda hakimiyyətdə olanlar layiqli cəzalarını tapacaqlar”, - o bəyan edib. **
F.İsazadə