Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Bunu MSK-nın sədri Məzahir Pənahov deyib.
"Bu günə qədər prezident seçkilərdə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. MSK 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
MSK-nın fevralın 14-də keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Bundan başqa, MSK prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.*