2018-ci ilin yanvar ayında Azərbaycanda 744,8 kq qızıl hasil edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hasil edilən qızıl emala göndərilib.
2017-ci ildə Azərbaycanda 6 min 390,8 kq qızıl hasil olunub (2016-cı ilin göstəricisi ilə müqayisədə artım 3,4 dəfə).
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.**
A.Əzizov