Cənub Qaz Dəhlizindən (CQD) təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkans” şirkəti tərəfindən həyata keçiriləcək. Bu barədə SOCAR-ın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
“Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubu fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında imzalanıb. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək”, - deyə məlumatda bildirilir.
Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin uzunluğu təxminən 40 km, illik ötürücü gücü, ilkin olaraq, 1 milyard m3 təşkil edəcək.*
N.Abbasova