2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 29 mln. ton neft hasil olunub ki, bu da 2016-cı ilin göstəricisindən 6,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Şirkət 2017-ci il ərzində AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3% - $1,636 mlrd.-dək azaldıb.
«Hesabat ilində bu məbləğdən $456 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $1,18 mlrd.-ı əsaslı xərclərin payına düşüb», - məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 588 min barel (2016-cı ildə 630 min barel – İF-Az) olub.
Hesabat ilində “Çıraq” platformasından sutkada 51 min barel (2016-cı ildə sutkada 54 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 137 min barel (sutkada 144 min barel), ”Qərbi Azəri” platformasından 124 min barel (sutkada 114 min barel), “Şərqi Azəri” platformasından 82 min barel (sutkada 72 min barel), “Dərinsulu Günəşli” platformasından 117 min barel (sutkada 126 min barel), “Qərbi Çıraq” platformasından 77 min barel (sutkada 120 min barel) neft hasil olunub.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 31,1 mln. ton neft hasil olunub. **
N.Abbasova