Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmkarı Mariya Zaxarovanı Dağlıq Qarabağ münaqişəsinə dair bu və ya digər məsələləri şərh edərkən düzgün informasiyaya əsaslanmağa çağırıb.
"Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı”, - H.Hacıyevin bəyanatında deyilir.
“Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir", - o əlavə edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, “dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik”.
Fevralın 8-də prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI Qurultayında çıxşı zamanı bəyan edib ki, İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalları Azərbaycanın tarixi torpaqlarıdır. “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”, - İ.Əliyev vurğulayıb.
Dünən M.Zaxarova brifinqdə bəyan edib ki, Azərbaycan prezidentinin bu cür fikirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “heç də gərginliyin azalmasına şərait yaratmır”. **
F.İsazadə