2018-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $350 mln. 81,62 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $1 mlrd. 727 mln. 332,84 min (artım 37,6% - İF-Az) təşkil edib.
Yanvar ayında ixracın həcmi $1 mlrd. 38 mln. 707,23 min, idxalın həcmi $688 mln. 625,61 min təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə ixracın həcmi 29,1%, idxalın həcmi isə 53% artıb.
İxracın strukturunda 84,22% neftin, 1,53% neft məhsullarının, 2,19% təbii qazın, 0,25% elektrik enerjisinin, 3,36% meyvə-tərəvəz məhsullarının, 0,04% çayın, 0,07% bitki və heyvan mənşəli yağların, 0,05% qəndin, 0,06% spirtli və spirtsiz məhsulların, 0,34% kimya məhsullarının, 0,99% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,63% pambıq, 0,15% pambıq ipliyin, 0,47% qara metal və ondan hazırlanan məmulatların, 0,9% alüminium və ondan hazırlanan məmulatların, 4,75% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 14,41% ərzaq məhsullarının, 1,12% tütün və tütün məhsullarının, 0,13% sementin, 1,9% əczaçılıq məhsullarının, 3,31% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,74% odun və agac məhsullarının, 9,68% qara metal və ondan hazırlanan məmulatların, 21,94% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,04% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,97% mebelin, 28,76% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar ayında xarici ticarət əməliyyatlarında 2,362 min özəl və dövlət müəssisəsi və 1,206 min fiziki şəxs iştirak edib.
Ötən ay Azərbaycan dünyanın 121 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 26,98%-i), İsrail (13,13%), Avstriya (8,03%), Çexiya (7,89%), ABŞ (6,73%), Kanada (6,49%) və İndoneziya, əsas idxal əməliyyatlarını isə Rusiya (18,28%), Türkiyə (12,93%), Çin (9,48%), Belarus (8,11%) və Almaniya (7,31%) ilə həyata keçirib.*
N.Abbasova