Prezident İlham Əliyev Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qeyri-konstruktiv mövqe tutmaqda ittiham edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu gün Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
“Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir”, - deyə o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.
«Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilir.*
F.İsazadə