Azərbaycan daxili istehsal hesabına düyüyə tələbatın təmin edilməsi üçün Cənubi Koreya təcrübəsini öyrənəcək. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
«Çəltikçilik Azərbaycanda ənənəvi sahələrdən biri olsa da, 2017-ci ildə düyünün alınmasına 36 milyon dollar vəsait xərclənib”, - deyə o, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.
“Ölkədə düyüyə tələbat 40 min tondur və Dövlət Proqramına əsasən bu həcmdə istehsalı 2025-ci ilədək təmin etməliyik. Bu sahədəCənubi Koreya təcrübəsi öyrənilməlidir”, - deyə nazir qeyd edib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramını təsdiq edib.
Proqrama əsasən 2016-cı ildə 2,5 min hektarda çəltik əkilmiş və 5,6 min ton məhsul yığılmışdır. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılmış, ölkə üzrə 15,9 min ton məhsul toplanmış və orta məhsuldarlıq 31,1 s/ha olmuşdur. Lakin ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.*
B.Rüstəmbəyov