2018-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 16,9 mln. ton təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft yük daşımalarının həcmi 3% - 12,4 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 78% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin yanvar ayında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 1,2 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16,2% azdır.
Dəniz nəqliyyatı ilə 683,4 min ton (artım 6,6%), avtomobil nəqliyyatı ilə 9,7 mln. ton (artım 2,1%), hava nəqliyyatı ilə 16,8 min ton (artım 21,7%) müxtəlif yük daşınıb.
Hesabat ayında daxili neft kəmərləri vasitəsilə 3 mln. 542,2 min ton neft (ötən ilin yanvar ayının göstəricisinə uyğundur - İF) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova