2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% - 651 mln. 782,6 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 204 mln. 282,7 min manat gəlir əldə edib ki, bu da 2016-cı ilin göstəricisindən 8% çoxdur», – məlumatda bildirilir.
2017-ci ildə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 143 mln. 275,9 min manat (artım 2,9%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2017-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 mln. 733,2 min ton yük, o cümlədən 10 mln. 186,6 min ton tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 345,174 mln. nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova