Azərbaycan Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçib və “İnterpol” xətti ilə beynəlxalq axtarışa elan edib. Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
“20 fevral 2018-ci il tarixində K.Karampetyan barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Onun mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub”, - məlumatda qeyd edilir.
K.Karampetyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.
Bildirilir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı Baş Prokurorluq tərəfindən cinayət-hüquqi tədbirlər davam etdirilir. **
F.İsazadə