Tehran Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə Bakıya istənilən yardımı göstərməyə hazırdır. Bunu İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi deyib.
Fevralın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ə.Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ə.Hatəmi qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.
İranlı nazir hərbi sahədə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
Z.Həsənov general-mayor Ə.Hatəmini müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.
O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
"Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə