İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2018-ci ilin yanvar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqlarını 14,4% - 5 mln. 513,5 min manat məbləğində əldə ediblər. Bu barədə MBNP-nin məlumatında deyilir.
“Ümumilikdə, hesabat dövründə haqların 6,7%-i AVSMMİS, 50,6%-i icbari növlər üzrə haqların payına düşüb”, - Palatadan qeyd edilir.
Yanvar ayında AVSMMİS üzrə sığortaçıların ödənişləri 4 mln. 54,2 min manat (artım 32,5%) və ya hesabat ayı ərzində sığortaçıların bütün ödənişlərinin 17,6%-ni təşkil edib. Ümumilikdə, cari ilin yanvar ayında icbari sığorta növləri üzrə ödənişlərin 81,2%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.
AVSMMİS Azərbaycanda sığorta haqları toplanan əsas sığorta növlərinin üçlüyünə daxildir. 2018-ci ilin yanvar ayında ancaq tibbi sığorta və həyatın yığım sığortası üzrə sığortaçılar AVSMMİS üzrə sığorta haqlarından daha artıq sığorta haqqı toplayıblar.
2017-ci ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 14,5% - 92,6 mln. manatadək artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
2016-cı ildə Azərbaycanda sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 79,8 mln. manat təşkil edib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 17 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 13 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.**
A.Əzizov