Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimi keçirilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.
"Mərasimdə DSX və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üzvləri iştirak ediblər”, - deyə məlumatda bildirilir.
Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov və Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov ilk sərhəd nişanının quraşdırılmasına dair protokol imzalayıb.
Vurğulanıb ki, bu hadisə mehriban qonşuluq və dostluq münasibətlərinin, strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın göstəricisidir.
Tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər artıq yekun fazaya daxil olub. Bundan başqa, demarkasiya üzrə işlərin tezliklə başa çatacağına əminlik ifadə olunub.*
F.İsazadə