Azərbaycan və Rusiyanın dəmir yolları idarələrinin rəhbərləri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcək inkişafı məsələsini müzakirə ediblər. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilir.
Vyanada keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu çərçıvəsində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən kecən ərazisinin gələcək inkişafı, Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri və digər məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
C.Qurbanov qeyd edib ki, hazırda Astarada (İran) dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir. Bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.
O.Belozyorov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib. **
N.Abbasova