Regionda gərginliyin əsas səbəbi Ermənistandır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
«Regionda gərginliyin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Gərginliyin və hərbi risk amilinin aradan qaldırılması üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması lazımdır», - deyə H.Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən bildirib.
O vurğulayıb ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
“Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar", - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.*
F.İsazadə