Milli Məclisin spikeri Oqtay Əsədov hökumətin məhbusları əfv etmək planları barədə məlumat verib.
“Yaxın zamanda Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir”, - O.Əsədov cümə günü parlamentin iclasında bildirib.
Onun sözlərinə görə, əfv sərəncamı təqribən 1,5 min məhbusu əhatə edəcək.
Parlamentin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Siyavuş Novruzov öz növbəsində Azərbaycanda siyasi məhbusların olmadığını bəyan edib. “Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb və repressiyaya məruz qalmayıb”, - S.Novruzov cümə günü Milli Məclisin plenar iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. “Azərbaycanda bu və ya digər siyasi partiyaya mənsubiyyətindən asılı olmayaraq, heç kim törətdiyi cinayətlərə görə cəzasız qala bilməz. Ölkədə siyasi məhbus yoxdur, qanunsuz hərəkətlərinə görə cəza çəkən şəxslər var. Yüngül cəza törədən şəxslər dövlət başçısının müvafiq sərəncamına əsasən əfv oluna bilərlər”, - S.Novruzov bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycanda mütəmadi olaraq əfv sərəncamları və amnisitiya aktları qəbul edilir.
Öncə məlumat verilib ki, Novruz bayramı ilə əlaqədar əfv sərəncamı imzalana bilər. **
F.İsazadə