“Azərbaycan Hava Yolları” QSC 2022-ci ilin sonuna kimi daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsini planlaşdırır. Bu barədə QSC-dən məlumat verilir.
Cümə günü AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərov Bakıya işgüzar səfərə gələn
“Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Danışıqlar zamanı C.Əsgərov məlumat verib ki, yaxın vaxtlarda “Azərbaycan Hava Yolları”nın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. Həmçinin 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir”, - məlumatda deyilir.
Bundan əlavə, C.Əsgərov bildirib ki, AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq.
Öz növbəsində, K.Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirib və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulub. **
N.Abbasova