Fevralın 26-da Azərbaycanda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilən Xocalı soyqırımının qurbanlarının xatirəsi anılır.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir.
Öncə Xarici İşlər Nazirliyə və Respublika Baş Prokurorluğu Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanatda qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı aciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət olmayıb.
“Əksinə əsas məğzini irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar təşkil edən Ermənistanın geniş yayılmış və sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi”, - bəyanatda vurğulanır. **