Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«İ.Əliyev fevralın 26-da R.T.Ərdoğana zəng edib. O, Türkiyə prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb», - deyə məlumatda bildirilir.
Türkiyə prezidenti təbrikə görə prezident İ.Əliyevə minnətdarlığını bildirib.
Bundan başqa, dövlət başçıları Xocalı soyqırımının 26-cı ildönümünü müzakirə ediblər. “R.T.Ərdoğan Xocalı şəhərində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan prezidentinə və xalqımıza başsağlığı verib”, - deyə məlumatda qeyd olunur.
Prezidentlər Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.*
F.İsazadə