Trans-Adriatik (TAP) qaz kəmərinin 2020-ci ilin əvvəlində işə salınması planları Balkan ölkələrində yeni qaz infrastrukturunun yaradılmasına kömək edəcək və Albaniya, Kosovo və Monteneqronun qaz bazarlarının inkişafına təkan verəcək.
Bu 3 ölkə arasında Albaniya TAP vasitəsilə nəql olunacaq Azərbaycan qazını birinci alan ölkə olacaq və regionda qazın paylanması üçün kiçik mərkəz olmağı planlaşdırır.
Tirananın 2016-cı ildə təqdim etdiyi 2020-2040-ci illər üçün qaz sahəsinin kompleks inkişaf planında TAP qaz tədarükünün əsas mənbəyi kimi göstərilib.
Cənub-Şərqi Avropanın Energetika İnstitutunun (Institute of Energy of South East Europe, IENE) icraçı direktoru Kostis Stambolisin fikrincə, Albaniyanın 202-ci ildən Azərbaycan qazının idxalına başlaması mümkünlüyü tamamilə realdır.
“Albaniyanın “Albpetrol” dövlət şirkəti TAP ilə 2020-ci ildən etibarən illik 1,2 mlrd. kubmetr qazın alınmasına dair ilkin saziş bağlayıb”, - deyə K.Stambolis “Interfax Natural Gas Daily”yə müsahibəsində bildirib.
İlkin mərhələdə TAP qaz kəmərinin ötürmə gücü 10 mlrd. kubmetr təşkil edəcək.
İcraçı direktor qeyd edib ki, Albaniyanın qaz nəqli şəbəkəsinin köhnəlməsi ölkədə qaza tələbatın artması potensialını azalda bilər.*