Azərbaycanın əsas məqsədi qeyri-neft ixracının artırılmasıdır. Bunu prezident İlham Əliyev deyib.
"Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür”, - deyə dövlət başçısı bu gün Mingəçevir şəhərinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün dövlət-özəl sektor tərəfdaşlığı vacibdir.
"Dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir”, - deyə prezident əlavə edib.
İ.Əliyev vurğulayıb ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. *
A.Əzizov