“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xarici və milli valyutada defolt emitentinin uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq proqnozu “neqativ”dən “sabit”ə dəyişib.
"Fond yarandığı andan etibarən Azərbaycan hökuməti tərəfindən davamlı olaraq maliyyələşdirilir. 2017-ci ilin sonuna olan vəziyyətə görə, hökumətdən ümumilikdə 366 mln. manat cəlb edilib", - deyə məlumatda bildirilir.
Azərbaycan hökuməti 2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun kapitalına 100 mln. manat yatırmaq niyyətindədir. Fond 200 mln. manat məbləğində istiqraz buraxmağı planlaşdırır. Bundan başqa, fond kiçik və orta sahibkarlara verilən kreditlərə hesablanmış faizlərə görə subsidiyaların verilməsi üçün dövlətdən 40 mln. manat alacaq.
“Fitch” hesab edir ki, fond ortamüddətli perspektivdə dövlət dəstəyindən yararlanmağa davam edəcək.
“"Fitch” dövlətin mənzil siyasətinin həyata keçirilməsi baxımından fondun strateji rolunu yüksək qiymətləndirir. Çünki güzəştli mənzillərin verilməsi Azərbaycan üçün prioritet istiqamətdir. İKZF respublikada subsidiyalı ipoteka krediti verən yeganə subyektdir. Qiymətləndirmələrə görə, Azərbaycanda kreditlərin 40%-i daşınmaz əmlakın alınmasının payına düşür”, - deyə məlumatda vurğulanır.
“Fitch” fondun maliyyə vəziyyətini yüksək qiymətləndirir. 2017-ci ilin sonuna pul vəsaitləri, dövlət qiymətli kağızlarına investisiya qoyuluşları 252 mln. manat təşkil edib ki, bu da fondun buraxdığı ödənilməmiş istiqrazların 47%-nə bərabər olub.*
A.Əzizov