Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta bazarında mediasiya prosedurunun tətbiqini planlaşdırır. Bu barədə ASA-dan məlumat verilib.
“Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasında Müşahidə Şurasının növbəti görüşündə ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili məsələləri müzakirə olunub. İclasın yekunlarına dair sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb”, - məlumatda deyilir.
Həmçinin iclas çərçivəsində 2018-ci il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər müzakirə olunub.
“Şura tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib”, - məlumatda vurğulanır. **
N.Abbasova