Azərbaycan hökuməti əllə toxunmuş xalçaların ixracının subsidiyalaşdırılması mexanizmini işləyib hazırlamağı planlaşdırır.
Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Proqrama əsasən ixracatçıların subsidiyalaşdırılması mexanizminin 2018-2019-cu illərdə işlənib hazırlanması nəzərdə tutulub.
Dövlət Proqramında 2018-ci ildə əl xalçası istehsalına vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflərin hazırlanması, xalçalara Azərbaycan Respublikasından çıxarılmaq üçün şəhadətnamə verilməsi ilə bağlı ödənişlərin azaldılması və şəhadətnamə verilməsi prosedurunun sadələşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, xalçaçılığın ixrac potensialının gücləndirilməsi məqsədilə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması planlaşdırılır.
Rəqabət qabiliyyətinin artırılması və daxili bazarın qorunması məqsədilə 2022-ci ilədək Mingəçevir Sənaye Parkında sənaye üsulu ilə xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Proqrama əsasən 2017-ci ildə Azərbaycanda sənaye müəssisələri əllə toxunan 564,5 kv.m xalça istehsal ediblər ki, bu da 2012-ci illə müqayisədə (1,9 min kv.m) təxminən 3,4 dəfə azdır. Bununla yanaşı, 2017-ci ildə respublikaya 3306,1 min kv.m xalça və digər toxunma döşəmə örtükləri idxal edilib və bu rəqəm 2012-ci ildə cəmi 1912,6 min kv.m olub.
Xalça istehsalının azalmasının başlıca səbəbi kimi ölkədə yun iplik istehsalının olmamasını, xalçanın maya dəyərinin baha başa gəlməsini qeyd etmək olar. 2017-ci ildə respublikada 16,0 min ton yun istehsal edilsə də, yun iplik istehsal edən müəssisələrin məhdudluğu və xarici ölkələrdən ucuz qiymətə əllə toxunan xalçaların idxal edilməsi xalça istehsalının azalmasına səbəb olub.*
B.Rüstəmbəyov