“Fitch” Beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycanda inflyasiyanı 8% səviyyəsində proqnozlaşdırır. Bu barədə “Fitch”in Avropanın inkişaf edən ölkələrin suveren reytinqləri üzrə direktoru Ameli Ru məlumat verib.
“Azərbaycanda inflyasiya azalır və bu yaxşı əlamətdir. Qiymətləndirmələrimizə görə, 2018-ci ildə ölkədə inflyasiya 8% təşkil edəcək, lakin bu Azərbaycanla bənzər iqtisadiyyat strukturuna malik olan Rusiya və Qazaxıstanın inflyasiyasından yüksəkdir”, - A.Ru (Amelie Roux) cümə axşamı Bakıda qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ortamüddətli perspektivdə inflyasiyanın gələcəkdə azalması üçün tədbirlər görməlidir.
A.Ru Azərbaycanda cari iqtisadi prosesləri ümumilikdə müsbət qiymətləndirib. “Hazırda makroiqtisadi vəziyyətin stabilləşməsi müşahidə olunur, ÜDM-in artımı bərpa edilib, həmçinin manatın dollara nisbətən məzənnəsi sabitləşib. Biz qeyri-neft, o cümlədən ASK məhsullarının ixracının artdığının şahidi oluruq. Bütün bu amillər Azərbaycan üzrə reytinq proqnozlarının yaxşılaşmasına təsir edir”, - o əlavə edib.
Bununla belə, A.Ru bildirib ki, qeyri-neft sektorunun artımı dövlət kapital qoyuluşlarından çox asılıdır və bu tendensiya 2018-2020-ci illərdə qorunacaq. Bundan başqa, ölkənin ixrac potensialına neft və qazın qiymətlərinin dəyişməsi çox təsir göstərir.
A.Ru qeyd edib ki, Azərbaycan hökuməti ənənəvi fiskal siyasətinin yürüdülməsini dəstəkləyir. “Bu səbəbdən, Azərbaycanın dövlət büdcəsi əvvəlki kimi, Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən çox asılıdır”, - o vurğulayıb.
2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.
2018-ci il üçün Azərbaycan hökuməti orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır. Bununla belə, AMB inflyasiyanın 6-8% səviyyəsində olacağını nəzərdə tutur. **
N.Abbasova