"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda vəziyyətin tədricən yaxşılaşacağını proqnozlaşdırır. Bu barədə agentliyin Bakıda inkişaf etməkdə olan Avropa ölkələri üzrə direktoru Ameli Ru (Amelie Roux) məlumat verib.
“Ölkənin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması bank sektoruna təzyiqi azaltmağa imkan yaradacaq. Gələcək illərdə, həmçinin kreditləşmə sahəsində vəziyyət düzələcək. Bütün bunlar maliyyə bazarında vəziyyəti yaxşılaşdırır”, - A.Ru cümə axşamı Bakıda bildirib.
O vurğulayıb ki, 2017-ci ilin sonuna Azərbaycanın xarici borcu ÜDM-in təqribən 25%-ni təşkil edir, bu da ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması ilə əlaqədardır. “Bütövlükdə, Azərbaycanda dövlət borcu ilə bağlı vəziyyət nəzarət altındadır və idarəolunandır, onun həcmi təhlükəli xəttdən çox aşağıdır”, - A.Ru bildirib.
Onun sözlərinə görə, manatın üzən məzənnəsinə keçid də xarici amillərin təsiri altında müəyyən dəyişkənliyin müşahidə olunduğu Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. **
N.Abbasova