Azərbaycanda banklar nizamnamə kapitalının artırılmasına 400 mln. manat yönəltməyi planlaşdırırlar. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.
“Nizamnamə kapitalının 400 mln. manat məbləğində artırılmasına dair banklardan müraciətlər var. 2017-ci ildə bankların səhmdarları tərəfindən kapitala daxilolmalar 900 mln. manat təşkil edib”, - A.Zülfüqarov cümə axşamı "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda bank sisteminin məcmu kapitalının artımı müçahidə olunub. 2017-ci ilin sonuna bankların məcmu kapitalı 2016-cı ilin sonuna 1 mlrd. 694 mln. manata qarşı 2 mlrd. 242 mln. manat təşkil edib (ötən il artım 32,3% - İF). “Məcmu kapitalının artım tendensiyası 2018-ci ilin yanvar ayında da qalıb. Fevralın əvvəlinə bu göstərici 3 mlrd. 148 mln. manata çatıb (2018-ci ilin yanvar ayında artım 40,4% - İF)”, - A.Zülfüqarov qeyd edib.
“Biz qarşımıza bankları bağlamaq məqsədi qoymuruq, çünki bu vəziyyətdə dövlətin üzərinə bağlanan bankların sığorta olunmuş əmanətləri üzrə kompensasiyaların ödənişi kimi öhdəlik düşür”, - o vurğulayıb.
A.Zülfüqarov əlavə edib ki, bu səbəbdən Palatanın məqsədi “Azərbaycanda stabil, etibarlı və sağlam bank sektorunun” yaradılmasıdır. **
N.Abbasova