“Xalq Bank”ın İdarə Heyəti sədrinin müavinləri Xəzər Bağırlı və Yaşar Nağıyev bankın Müşahidə Şurasının üzvləri seçiliblər. Bu barədə “Xalq Bank”ın məlumatında deyilir.
“Bu qərar səhmdarların Ümumi Yığıncağında qəbul edilib. Yeni vəzifədə X.Bağırlı və Y.Nağıyev son zamanlar ölkənin bank sektorunda artan rəqabətlilik və dəyişən iqtisadi tələblər şəraitində səylərini bankın strateji inkişafı ilə bağlı məsələlərin həllinə yönəldəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Kredit idarəsinin rəisi Kamran Məcidov, sədrin müavinləri vəzifələrinə Biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, Xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər.
Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, Filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və Risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.
“İdarəçi heyətinin yenilənməsi daim dəyişən bazar şəraitində qarşıda duran məsələlərin daha səmərəli həlli, əməliyyat idarəetməsinin təkmilləşdirilməsi və daha yüksək nailiyyətlərin əldə olunması üçün müsbət zəmin yaradılmasına xidmət edir”, - deyə məlumatda bildirilir.*
N.Abbasova