“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qaz hasilatı Azərbaycana enerji resurslarını şaxələndirməyə imkan verəcək. “Fitch Ratings” agentliyinin təbii resurslar üzrə direktoru Dmitri Marçenko belə hesab edir.
“«Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından qaz hasilatına başlanması Azərbaycana enerji resurslarının ixracını şaxələndirməyə imkan verəcək», - deyə o, bu gün "Fitch Ratings"in Bakıda keçirilən illik konfransında bildirib.
D.Marçenko deyib ki, Azərbaycanın neft-qaz sektorunun gələcək inkişafı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair imzalanmış (2017-ci ildə – İF) yeni sazişin, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qaz hasilatının başlanması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi hesabına təmin olunacaq.
«Bundan başqa, İzmirdə SOCAR-a məxsus STAR NEZ-in 2018-ci ildə istismara verilməsi nəticəsində neft şirkəti Türkiyədə BOTAS-dan sonra ikinci ən iri şirkətə çevriləcək», - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, Azərbaycan hasilatı intensivləşdirməli, daha çox yeni tərəfdaş cəlb etməli və özünün qazma proqramlarını inkişaf etdirməlidir.
«Azərbaycanda qaz hasilatı üzrə uzunmüddətli proqnoz neftlə bağlı proqnozdan daha müsbətdir. Ölkədə qaz hasilatı 2 dəfə artacaq və Azərbaycan qaz istehsalçısı olan və qazın ixrac həcmini artıraraq enerji resurslarının ixracını şaxələndirən başqa ölkələrin təcrübəsinə diqqət yetirməlidir. Lakin bu zaman hasilatda pik səviyyəyə çatma riski və qiymətlərin dəyişkənliyini nəzərə almaq lazımdır”, – deyə D.Marçenko vurğulayıb.*
N.Abbasova