Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı 24 nəfər ölüb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.
“Yanğın bu gün saat 06.10-da başlayıb. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib”, - deyə məlumatda bildirilir.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
"Yanğın Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda baş verib”, - deyə məlumatda bildirilir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.*