Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların sayı 25-dək artıb.
“Dəqiqləşdirilmiş məlumata əsasən, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib”, - Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatında deyilir.
Öncə yanğın nəticəsində 24 nəfər həlak olduğu bildirilib.
Xəbər verildiyi kimi, cümə günü səhər 06:10 radələrində Respublika Narkoloji Mərkəzinin birmərtəbəli taxta konstruksiyalı korpusunda yanğın baş verib. Bilavasitə həmin korpusdan 34 nəfər xilas edilib. Daha 4 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin istintaqı prezident İlham Əliyevin şəxsi nəzarətindədir. **
F.İsazadə