"AzInTelecom" MMC “Azercell Telecom”un 51,3% səhminin sahibi olacaq. Bu barədə “Telia Company”nin məlumatında deyilir.
“"Fintur Holdings BV” “Azercell” mobil rabitə operatorunun yeganə səhmdarı olan “Azertel Telekommunikasyon Yatirim Dis Ticaret A.S”dəki 51,3% səhmini “AzInTelecom”a satmağa razılıq verib”, - deyə məlumatda bildirilir.
“Fintur Holdings BV (Fintur)“ şirkətinin sahibləri “Telia Company” (58,55%) və “Turkcell”dir (41,45%).
“Azercell” şirkətinin ümumi dəyəri 432 mln. avro təşkil etdiyi halda, sövdələşmənin dəyəri 222 mln. avroya bərabərdir.
"Biz “Turkcell”ə “Azercell”dəki səhmlərin satılmasına dair birgə saziş imzaladığımz barədə elan edə bilərik. Bu, “New Generation Telco” adlı strategiyamız çərçivəsində zamanla Avrasiyanı tərk edərək əsas diqqəti Şimal və Baltik regionlarında fəaliyyətə yönəltmək üçün atdığımız növbəti addımdır”, - deyə “Telia Company”nin prezidenti və baş icraçı direktoru Yohan Dennelind qeyd edib.
“Telia” şirkətinin məlumatına görə, “AzInTelecom” “Telia”nın tələblərinə uyğun olan alıcıdır, çünki tamamilə Azərbaycana məxsusdur. *
N.Abbasova