2017-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlakın alınmasına investisiya qoyuluşları $1,9 mlrd. məbləğində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin sonuna fond xaricdə daşınmaz əmlakın alınmasına $1,7 mlrd. investisiya yatırıb. Beləliklə, 2017-ci ildə ARDNF-in xaricdə daşınmaz əmlaka ümumi investisiya qoyuluşları 11,7% artıb.
«Fond 2012-ci ildən başlayaraq London, Moskva, Paris, Milan, Seul və Tokioda daşınmaz əmlakın alınmasına, eləcə də PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital və Blackrock Fund Managers Limited tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya qoyub», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital və Gaw Capital Partners fondları ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb.*
N.Abbasova