Azərbaycan hüquq-mühafizə orqanları Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının səbəblərini araşdıraraq müəyyən edib.
“Məhəmməd Məmmədov Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəlib. Martın 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk edib”, - Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Qeyd olunur ki, M.Məmmədov cinayətdə şübhəli şəxs qismində tutulub.
“Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov cinayətdə şübhəli şəxs qismində tutulub”, - məlumatda bildirilir.
M.Məmmədov ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.
Mart ayının 2-də 06:10 radələrində Respublika Narkoloji Mərkəzinin birmərtəbəli taxta konstruksiyalı korpusunda yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər ölüb, 34 nəfər təxliyyə olunub, 4 nəfər xəstəxanaya yerləşdirilib. **
F.İsazadə