2018-ci ildə Azərbaycanda yeni snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu və avtomatik top istehsalı təşkil olunacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"2018-ci ildə hərbi təyinatlı yeni məhsulların istehsalı mümkün olacaq. 12,7 mm çaplı yeni snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu və avtomatik top istehsalının təşkili planlaşdırılır", - deyə hökumətin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd edilir.
Bundan başqa, Azərbaycanın müdafiə sənayesi müəssisələrində patrul avtomobilinin istehsalı da təşkil olunacaq.
Bununla yanaşı, 2018-ci ildə müxtəlif çaplı patronların, qumbaraatanlar üçün 4 növ atəş yığımlarının, döyüş sursatları üçün partladıcıların, müxtəlif çaplı lülələrin, artilleriya və tank toplarının mərmiləri üçün korpus və gilizlərin istehsalına başlanılması planlaşdırılır.*
F.İsazadə