SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Birləşmiş Millətlər Təşkilatının Inkişaf Proqramı (UNDP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirməyə dair razılıq əldə olunub. Bu barədə SOCAR-dan məlumat verilib.
“Çərşənbə axşamı SOCAR ilə UNDP arasında iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf mühitin qorunmasını nəzərdə tutan Niyyət Protokolu imzalanıb”, - məlumatda deyilir.
UNDP və SOCAR 2015-ci ildən etibarən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsini həyata keçirirlər.
SOCAR NAMA layihəsini Qlobal Ekoloji Fond (GEF) və UNDP ilə birgə olaraq, 3 istiqamət üzrə həyata keçirir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması.
Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kVt gücündə günəş panelləri quraşdırılıb. Həmçinin “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılmışdır. Layihə çərçivəsində il ərzində 6.8 milyon m3 səmt qazının yığılması nəzərdə tutulur.
Layihə 2020-ci ildə yekunlaşacaq. **
N.Abbasova