Xaçmaz rayonunda keçirilən xüsusi antiterror əməliyyatı zamanı “Xaçmaz camaatı” adlı dini ekstremist cinayətkar birliyin üzvləri zərərsizləşdirilib, birliyin silahlı müqavimət göstərən 2 üzvü məhv edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.
"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyənləşdirilib. 6 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S. Məmmədov və T. Səlimov məhv ediliblər”, - deyə məlumatda bildirilir.
Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə kompleks əməliyyat tədbirləri keçirilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.*
F.İsazadə