İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 2018-ci ilin yanvar ayında 14,6 mln. manat məbləğində ipoteka krediti verilib, bu da ötən ilin yanvar ayını göstəricisindən 44,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib
AMB-nin məlumatına əsasən, cari ilin yanvar ayında İKZF 16,6 mln. manat kreditləri təkrar maliyyələşdirib (2017-ci ilin yanvar ayı ilə müqayisədə artım 83 dəfə - İF).
2018-ci ilin yanvar ayında İKZF tərəfindən istiqrazlar yerləşdirilməyib. Bundan əlacvə, hesabat ayında Fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən vəsait əldə etməyib.
2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
A.Əzizov